2
 1 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın. 
İsrailin xəyanəti 
 2 Qınayın siz ananızı, qınayın, 
Çünki o Mənim arvadım deyil, 
Mən də onun əri deyiləm. 
Qoy üzündə görünən fahişəliyi, 
Qoynunda olan xəyanəti atsın. 
 3 Yoxsa onu çıl-çılpaq soyundurub 
Lüt, anadangəlmə edəcəyəm. 
Mən onu səhra, quru torpaq kimi edəcəyəm, 
Susuzluqdan öldürəcəyəm. 
 4 Onun balalarına da rəhm etməyəcəyəm, 
Çünki onlar da xəyanət övladıdır. 
 5 Onların anası zina etdi. 
Onlara hamilə qalan qadın rəzillik etdi, 
Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, 
Axı çörəyimi, suyumu, yunumu, kətanımı, 
Zeytun yağımı və içkimi verən onlardır”. 
 6 Buna görə də onun yolunu qanqallarla kəsib 
Önünə hasar çəkəcəyəm. 
Öz yolunu tapa bilməyəcək. 
 7 Oynaşlarının dalınca gedəcək, 
Ancaq onlara çatmayacaq. 
Onları axtaracaq, 
Ancaq tapmayacaq. 
O zaman deyəcək: 
“Qoy öz əvvəlki ərimin yanına qayıdım, 
Çünki o vaxt halım indikindən yaxşı idi”. 
 8 Amma o bilmirdi ki, 
Ona taxılı, təzə şərabı, 
Zeytun yağını verən Mənəm. 
Baal bütü üçün sərf etdikləri 
Qızıl-gümüşü çoxaldan Mənəm. 
 9 Buna görə də öz vaxtında taxılımı, 
Öz mövsümündə təzə şərabımı geri alacağam. 
Onun çılpaqlığını örtmək üçün verdiyim 
Yunu və kətanı əlindən alacağam. 
 10 İndi oynaşlarının önündə 
Onun ayıbını üzə çıxaracağam. 
Kimsə onu əlimdən qurtara bilməyəcək. 
 11 Onda olan bütün şadlıqlara, 
Bayramlara, Təzə Ay mərasimlərinə, 
Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. 
 12 Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. 
O bunlar barədə deyirdi: 
“Bu, oynaşlarımın mənə verdiyi muzddur”. 
Bağlarını tikanlığa çevirəcəyəm, 
Çöl heyvanlarına yem olacaqlar. 
 13 Baal bütlərinə buxur yandırdığı günlər üçün 
Onu cəzalandıracağam. 
O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək 
Oynaşlarının dalınca getmiş, 
Məni isə unutmuşdu» 
Rəbb belə bəyan edir. 
 14 «Amma Mən onu dilə tutub 
Səhraya aparacağam, 
Onun ürəyincə olan sözlər deyəcəyəm. 
 15  * Yeşua 7:24-26  Orada ona üzüm bağları verəcəyəm, 
Akor * Akor – ibrani dilində əziyyət. vadisini ümid qapısına çevirəcəyəm. 
Cavanlıq günlərində olduğu kimi, 
Misir torpağından çıxdığı gün kimi 
Orada nəğmə oxuyacaq». 
 16 Rəbb bəyan edir: «Həmin gün 
Mənə “ərim” deyəcəksən, 
Artıq “ağam” † Ağam – ibrani mətnində Baali sözü olub mənim Baalım deməkdir. deməyəcəksən. 
 17 Baal bütlərinin adını dilindən siləcəyəm, 
Onların adı bir də yada salınmayacaq. 
 18 O gün sənin asayişin üçün 
Çöl heyvanları, göy quşları və 
Yerdə sürünənlərlə əhd kəsəcəyəm. 
Ölkədən kamanı, qılıncı, 
Müharibəni götürəcək, 
Səni əmin-amanlıqda yatıracağam. 
 19 Səni əbədi olaraq Özümə nişanlayacağam, 
Salehlik, ədalət, məhəbbət və mərhəmətlə 
Səni özümə nişanlayacağam. 
 20 Səni sədaqətlə Özümə nişanlayacağam, 
Sən də Rəbbi tanıyacaqsan». 
 21 Rəbb bəyan edir: «O gün hay verəcəyəm, 
Göylərə hay verəcəyəm, 
Onlar da yerə hay verəcək. 
 22 Yer isə taxıla, təzə şəraba və 
Zeytun yağına hay verəcək, 
Onlar da İzreelə hay verəcək. 
 23  * Rom. 9:25; 1Pet. 2:10  Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, 
“Mərhəmət tapmamış” dediyimə 
Mərhəmət edəcəyəm. 
“Xalqım deyil” dediyimə 
“Xalqımsan” deyəcəyəm. 
O isə Mənə “Allahımsan” deyəcək».