24
Məzmur 24 
Davudun məzmuru. 
 1  * 1Kor. 10:26  Rəbbindir yer üzü və orada mövcud olanlar, 
Dünya və orada yaşayanlar. 
 2 O, yerin təməlini dənizlər üstündə qurdu, 
Dünyanı sular üzərində yaratdı. 
 3 Rəbbin dağına kim çıxa bilər? 
Müqəddəs məskəninə kim girə bilər? 
 4  * Mat. 5:8  – Əlləri pak, qəlbi təmiz, 
Hiyləyə könül verməyən, 
Yalandan and içməyən insan. 
 5 O, Rəbdən bərəkət alacaq, 
Xilaskarı Allahdan salehlik alacaq. 
 6 Belə adam Rəbbi soraqlayar, 
Yaqubun Allahının üzünü axtarar. 
Sela
  7 Ey darvazalar, başlarınızı qaldırın, 
Ey qədim qapılar, açılın, 
Əzəmətli Padşah içəri daxil olsun! 
 8 Bu əzəmətli Padşah kimdir? 
– Odur, güclü-qüdrətli Rəbb, 
Döyüşdə qüvvətli Rəbb. 
 9 Ey darvazalar, başlarınızı qaldırın, 
Ey qədim qapılar, açılın, 
Əzəmətli Padşah içəri daxil olsun! 
 10 Bu əzəmətli Padşah kimdir? 
– Ordular Rəbbi, 
Odur əzəmətli Padşah! 
Sela