62
Məzmur 62 
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. 
 1 Susan qəlbim yalnız Allahı gözləyir, 
Ondadır qurtuluşum. 
 2 Yalnız Odur qayam, qurtuluşum, 
O mənim qalamdır, mən əsla sarsılmaram. 
 3 İnsan divar kimi əyiləndə, 
Hasar kimi laxlayanda 
Nə vaxtadək üstünə hücum edəcəksiniz? 
Nə vaxtadək onu əzəcəksiniz? 
 4 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, 
Çünki yalandan zövq alırsınız. 
Diliniz xeyir-dua söyləsə də, 
Qəlbiniz lənət yağdırır. 
Sela
  5 Ey qəlbim, sükutla Allahı gözlə, 
Çünki ümidim Ondadır. 
 6 Qayam, qurtuluşum yalnız Odur, 
O mənim qalamdır, mən sarsılmaram. 
 7 Qurtuluşum, şərəfim Allaha bağlıdır, 
Allah möhkəm qayam və pənahımdır. 
 8 Ey xalq, hər zaman Ona arxalan, 
Onun hüzurunda qəlbini açıb-boşalt, 
Çünki Allah bizim pənahımızdır! 
Sela
  9 Bəşər övladları yalnız bir nəfəsdir – 
İnsan övladları fanidir. 
Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, 
Çəkisi bir nəfəsdən yüngül gəlir. 
 10 Heç zaman zorakılığınıza güvənməyin, 
Talan malına boş yerə ümid bağlamayın, 
Var-dövlətiniz artsa da, ona arxalanmayın. 
 11 Allah bir dəfə dedi, 
Bunu iki dəfə eşitdim: 
Qüdrət Allahındır, 
 12  * Əyy. 34:11; Yer. 17:10; Mat. 16:27; Rom. 2:6; 2Tim. 4:14; Vəhy 2:23  Ey Xudavənd, məhəbbət Sənindir! 
Sən hər kəsə əməlinə görə əvəz verirsən!