AVDİYA
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Avdiya» Kitabı miladdan əvvəl 586-cı ildə Babillilərin Yerusəlimi zəbt etdiklərindən sonra yazılıb. Yəhudanın qədim düşməni Esavın nəslindən olan Edomlular Yerusəlimin süqutuna sevinib şəhərin talanmasında işğalçılara kömək etdilər. Avdiya peyğəmbər Edomun dağılması və məğlubiyyəti barədə peyğəmbərlik etmişdi.
Kitabın məzmunu:
1:1-14 Edomun cəzalandırılması
1:15-21 Rəbbin günü
1
* Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Mal. 1:2-5 Bu, Avdiyaya zühur olan görüntüdür.
Edom üzərində Allahın məhkəməsi
Xudavənd Rəbb Edom barəsində belə deyir:
Biz Rəbdən xəbər eşitdik,
Millətlər arasına
«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.
«Bax səni millətlər arasında kiçildəcəyəm,
Hamı sənə xor baxacaq.
Ey sən qaya * Qaya – ibrani mətnində sela kimi səslənir. Sela Edomun paytaxtının adı idi. çatlarında məskən salan,
Evini yüksəklərdə quran!
Ürəyinin qüruru səni aldatdı,
Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.
Sən qartal kimi yuxarı uçub
Yuvanı ulduzlar arasında qursan da,
Səni oradan endirəcəyəm».
Rəbb bəyan edir.
 
«Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,
Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?
Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,
Bir neçə salxımı saxlamazdılarmı?
Amma gör səni nə cür müsibətlər gözləyir!
Esavın hər şeyi talan ediləcək,
Gizli xəzinələri aşkara çıxarılacaq.
Səninlə əhd bağlayanların hamısı
Səni ölkəndən qovacaq,
Müttəfiqlərin səni aldadıb məğlub edəcək.
Səninlə çörək yeyənlər sənə tələ quracaq,
“Onun ağlı haradadır?” deyəcək».
Rəbb bəyan edir:
«O gün Edomun hikmətli adamlarını,
Esav dağındakı müdrikləri məhv edəcəyəm.
Ey Teman, Teman – Edomun şəhərlərindən biri. igid adamların elə qorxuya düşəcək ki,
Esav dağlarının hər sakini qırğında öldürüləcək.
 
10 Qardaşın Yaquba etdiyin zorakılığa görə
Sən xəcalət içində qalacaqsan,
Əbədi məhv olacaqsan. Yaqubla Esav doğma qardaş idi. Yaqub İsraillilərin əcdadı idi. Esav Edomluların əcdadı idi.
11 Yadellilər onun sərvətini aparanda
Sən uzaqda durub tamaşa etdin.
Əcnəbilər onun şəhər darvazalarından girib
Yerusəlim üçün püşk atanda
Sən də onlardan biri kimi davrandın.
12 Sən gərək Yəhudalı soydaşlarının
Bədbəxtlik günündən zövq almayaydın,
Həlak olduqları gün sevinməyəydin,
O əzablı gündə rişxənd etməyəydin,
13 Xalqımın fəlakətli günündə
Onların şəhər darvazalarından girməyəydin,
Başlarına bəla gələn gün
Onların fəlakətini sevinclə seyr etməyəydin,
Başlarına bəla gələn gün
Onların malına əl uzatmayaydın!
14 Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün
Yol ayrıcında dayanmayaydın,
O əzablı gün qurtulanları
Düşmənə təslim etməyəydin!
Rəbbin günü yaxınlaşır
15 Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,
Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,
Əməllərinin əvəzi öz başına gələcək!
16 Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi
Bütün xalqlar durmadan içəcək,
İçib yox olacaq,
Sanki əvvəldən yox idi.
İsrailin zəfəri
17 Lakin qurtuluş tapanlar
Sion dağına toplanacaq,
O dağ müqəddəs olacaq.
Yaqub nəsli mülkünə sahib olacaq!
18 Yaqub nəsli od,
Yusif nəsli alov,
Esav nəsli isə küləş olacaq,
Yaqub və Yusif nəsli
Esav nəslini yandırıb məhv edəcək.
Esav nəslindən qurtulan olmayacaq.
Çünki Rəbb belə söylədi.
 
19 Negev sakinləri Esav dağını,
Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini,
Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,
Binyaminlilər isə Gileadı zəbt edəcək.
20 Xalahda olan İsrail sürgünləri
Kənanın Sarfata qədər uzanan torpaqlarını,
Sefaradda olan Yerusəlim sürgünləri
Negev şəhərlərini zəbt edəcək.
21 Xalqı qurtaranlar Sion dağına çıxıb
Esav dağına hökm edəcək:
Rəbb səltənət sürəcək».

*1:1 Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Mal. 1:2-5

*1:3 Qaya – ibrani mətnində sela kimi səslənir. Sela Edomun paytaxtının adı idi.

1:9 Teman – Edomun şəhərlərindən biri.

1:10 Yaqubla Esav doğma qardaş idi. Yaqub İsraillilərin əcdadı idi. Esav Edomluların əcdadı idi.